Главная > Cəmiyyət > Bu şəxslərin nəzərinə: Bu gündən...
Bu şəxslərin nəzərinə: Bu gündən...18-01-2021, 09:44. Разместил: azadses |
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib. DMX-dən ''Azad Səs''-ə bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub. Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib: "Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir. Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər". "Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", məlumatda bildirilib. Вернуться назад |