Главная > Cəmiyyət > Ermənistanın müxalifət lideri: “İlham Əliyev Moskvada istəyinə nail oldu"

Ermənistanın müxalifət lideri: “İlham Əliyev Moskvada istəyinə nail oldu"


13-01-2021, 12:32. Разместил: azadses
Nikol Paşinyan Ermənistanın maraqlarını müdafiə edə bilmir. Yanvarın 11-də Moskvada verilən birgə bəyanat mövqeyimizi bir daha təsdiqlədi.
 
''Azad Səs'' xəbər verir ki, bu sözləri ötən gün “Vətənin Xilası Hərəkatının” baş nazirliyə vahid namizədi Vazgen Manukyan bəyan edib.
 
Manukyan qeyd edib ki, Moskvadakı üçtərəfli görüş ictimai və siyasi dairələrin narahatlığına səbəb olub:
 
“Ermənistan hərbi əsirlər məsələsində müsbət nəticə əldə edə bilmədi. Azərbaycan tərəfi Moskvaya nə üçün gəldiyini təsdiqlədi. Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyət idi. 10 noyabrda Azərbaycan arzuladığından daha çox şey əldə etdi. Bu müddət ərzində Bakı həmin bəyanatın bəzi məqamlarını öz xeyrinə dəyişdi: xüsusilə, 10 noyabr sazişinin birinci və səkkizinci bəndini. Buna Nikolun köməyi və hərəkətsizliyi ilə nail oldu”.
 
Manukyan bəyan edib ki, İlham Əliyev yanvarın 11-də Moskvada Azərbaycan üçün strateji əhəmiyyətə malik olan 9-cu bəndin həyata keçirilməsini təsdiqlədi və əsasını qoydu: “Şübhəsiz ki, Paşinyanın hakimiyyətdə qalması şəraitində bu bəndin sonrakı danışıqlar zamanı həyata keçirilməsinin nəticələri Azərbaycanı tam qane edəcək”.
 
Erməni revanşist siyasi partiyalarının vahid namizədi olan Manukyan iddia edib ki, Ermənistan Moskva görüşü zamanı bəzi nəticələr əldə edə bilərdi:
 
“Biz nə əldə edə bilərdik? Azərbaycanın xeyrinə dəyişdirilən, Süniklə bağlı olan birinci bənddəki məsələni qaldıra bilərdik. Münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində həlli və Dağlıq Qarabağın statusu barədə heç bir açıqlama verilmədi, hansı ki bu daha böyük məğlubiyyətdir”.
 
“11 yanvar tarixli üçtərəfli görüş və birgə bəyanat əslində mövqeyimizin doğru olduğunu göstərdi. Nikol Paşinyan Ermənistanın və erməni xalqının maraqlarını müdafiə edə bilmir. Məğlubiyyət simvolu getməlidir. Əks halda itkilərimiz və alçalmağımız davam edəcək”, - Vazgen Manukyan əlavə edib.
 
Qeyd edək ki, Manukyan bir siyasi xadim kimi Azərbaycana qarşı kəskin mövqeyi ilə tanınır. Azərbaycanla düşmənçiliyin davam etdirilməsinin əsas simalarından olan Manukyan müstəqillikdən sonra Ermənistanın ilk baş naziri, “Qarabağ Komitəsinin” yaradıcı və liderlərindən biri, Azərbaycan ərazilərinin işğalı dövründə isə Ermənistanın müdafiə naziri olub. 1996-cı il seçkiləri zamanı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosiyanı hakimiyyətdən yıxmağa çalışdığı üçün iqtidardan qovulub və hazırda “Qarabağ klanı”nın qanadları altında müxalifətin əsas lideri statusunu əldə edib.Teleqraf

Вернуться назад