Главная > Cəmiyyət > Vətən müharibəsi qələbəsini əks etdirən abidə necə olmalıdır? - Tarixçi alim detalları açıqladı
Vətən müharibəsi qələbəsini əks etdirən abidə necə olmalıdır? - Tarixçi alim detalları açıqladı9-01-2021, 18:37. Разместил: azadses |
Böyük Vətən müharibəsində əldə edilmiş müasir qələbə sadəcə müharibədə əldə edilmiş qələbə deyil, onun mahiyyəti daha böyükdür, bütün tarixi nailiyyətlərini özündə əks etdirən bir hadisədir. Bu, müasir Azərbaycan tarixində yeni bir dövr açan qələbədir. Odur ki, qələbənin əbədiləşdirilməsi və onun gələcək nəsillərə çatdırılması qarşıda duran mühüm məsələlərdən bidir. Bu sözləri Publika.az-a açıqlamasında tarix elmləri doktoru Kərim Şükürov deyib. Tarixçi bildirib ki, bu məsələdə həm dünya, həm də Azərbaycanın öz tarixindən örkən götürmək olar: “Dünya tarixinə baxsaq, çoxlu belə nümunələr sadalamaq olar. Məsələn, qədim romalılar əldə etdikləri qələbələrdən sonra zəfər yürüşləri təşkil edirdi. Onlar öz qələbələrini müəyyən abidələrdə əks etdirməyə çalışırdı ki, gələcək nəsillərə ötürülsün. Rusiyanın yaxın tarixinə nəzər salsaq, 1812-ci ildə Böyük Vətən müharibəsindəki Borodino döyüşü ilə bağlı olaraq Borodino panoraması yaradılıb. Digər ölkələrin tarixində də oxşar nümunələr var. İkinci Dünya müharibəsində mütəffiq qoşunların Almaniyaya hücumu və bombalanması zamanı şəhərin dağıdılmış bir hissəsi saxlanılıb. Uçulmuş vəziyyətdə saxlanılan yerlər turistlərdə böyük maraq oyadır. Eyni zamanda o dövrdə Berlin divarı sökülsə də, ərazilər xüsusi xətlərlə qeydə alınıb ki, insanlar onu daim xatırlasın”. Kərim Şükürov qeyd edib ki, Azərbaycan tarixində belə nümunələr olsa da, çox təəssüf ki, əvvəlki tarixi dövrlərdə əldə edilən qələbələrə çox az abidələr qoyulub: “Söhbət Azərbaycan ərazisində gedən müharibələrdən gedir. Demək olar ki, bu mövzuda abidələr yox dərəcəsindədir. İkinci dünya müharibəsi ilə bağlı abidələrə daha çox yer verilib. İkinci Qarabağ müharibəsində əldə edilən qələbəyə gəldikdə, bunun əbədiləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Dövlət bu sahədə müəyyən işlər aparır. Azərbaycanda abidələr bu sahə ilə məşğul olan heykəltəraşlar və memarların ortaq qərarı ilə hazırlanır. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsində başqa bir yol seçilməlidir, bu sahədə açıq bir müsabiqə elan olunmalıdır. Müsabiqədə iştirak edənlər öz layihələrini ümumxalq müzakirələrinə təqdim etməlidir. Eyni zamanda bu müzakirə prosesində qəbul olunan layihələr ümumxalq vəsaiti hesabına tikilməlidir. Məsələn, Moskvada Kuzma Minin və Dmitri Pojarskinin heykəlləri onların xidmətləri nəzərə alınaraq ümumxalq ianəsi əsasında qoyulub. Xankəndidə ermənilər vaxtı ilə uzunömürlülər adlandırdıqları qadın və kişi obrazına bir abidə qoymuşdu. İdeyanı əks etdirmək üçün elə bir format tapıblar ki, onların nöqteyi-nəzərindən o heykəl bir simvola çevrilib. Vətən müharibəsində əldə edilən qələbə unikal bir hadisədir, onunla bağlı olan bütün məsələlər də o şəkildə olmalıdır. Çalışmalıyıq ki, möhtəşəm qələbəmizin ifadəsini əks etdirən abidnin insanlara təsir qüvvəsi də dərin olsun. Bu abidələr sadəcə Qarabağda deyil, Bakıda və digər şəhərlərimizdə də qoyulmalıdır, vahid bir kompleksin tərkib hissəsi olmalıdır. Döyüş əməliyyatları gedən ərazilərimizlə birlikdə Bərdə, Gəncə, Tərtərdə də erməni silahlı qüvvələri tərəfindən münaqişə bölgəsindən kənarda da dinc sakinlərə qarşı törədilmiş cinayətlərin sübutu olaraq dağıdılımış evlər tarixi fakt kimi saxlanılmalıdır. Artıq bu barədə göstərişlər verilib. Azərbaycanın həm siyasi nöqteyi nəzərdən öz fikrini ifadə etməsi, həm də bu gerçəkliyin dünyaya çatdırması üçün düşünülmüş layihələri olmalıdır. Ümumiyyətlə, bu istiqamətdə görülən layihələri kompleks şəklində həyata keçirmək lazımdır. Həm Qarabağda, həm də digər şəhərlərdə qoyulan abidələr ümumi kompleksin tərkib hissəsi olmalıdır ki, hadisənin möhtəşəmliyini özündə əks etdirə bilsin. Hər bir şəhərdə tarix-diyarşünaslıq muzeyləri var. Qarabağda da ümumi bir muzey olması və rayonlarda onun filiallarının açılmasını kompleksə daxil etmək olar. Vətən müharibəsində əldə edilən qələbə bizim tarixi köklərimizdən irəli gəlir. Bu abidələri o tarixi köklərdən ayrımış formada təqdim etmək olmaz. Odur ki, belə bir konseptual yanaşmaya da çox böyük ehtiyac var. Abidələr elə hazırlanmalıdır ki, sadə və anlaşıqlı olsun. Son dövrlərdə abidələrlə bağlı trendlərə baxsaq görərik ki, daha yığcam versiyalar aktualdır. Əvvəlki dövlərdə böyük və yüksək abidələr daha əhəmiyyətli məna daşıyırdısa, indi bu məsələ ciddi əhəmiyyət kəsb etmir. Görkəmli şəxslərə heykəl qoyanda onun real ölçülərini nəzərə alınır. Biz bütün detalları nəzərə almalıyıq ki, ideya insanlara çatsın və nəsildən-nəsilə ötürülsün”. Abidələrin tarixi əhəmiyyətindən söz açan tarixçi xatırladıb ki, elə abidələr var ki, özləri də zamanla müqəddəsləşir. “Cütlüklər nikah bağlamazdan əvvəl onları ziyarət edərək abidələrə öz ehtiramını bildirir. Azərbaycan Qarabağda təhlükəsizliyin təmin edilməsi istiqamətində böyük işlər aparır. Bu abidələr bu prosesin həyata keçirilməsinə də öz müsbət töhfələrini verməlidir. Odur ki, qələbə və qəhrəmanlarımıza qoyulan abidələr qəinki Qarabağın, Azərbaycan torpağının hər bir qarışının müdafiəsinə hazır olmaq riskinin tərbiyəsinə köməklik göstərməlidir. Ümumxalq iştirakı ilə seçilmiş abidə olsa və həmin abidənin qoyulması hərənin öz imkanı daxilində verdiyi vəsait hesabına tikilsə, bizim üçün önəmi daha çox olar. Azərbaycanın Xudafərin körpüsü, Mömünə Xatun, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Alov Qüllələri kimi simvollaşmış abidələri var. Odur ki, bu abidələr ailəsinə onlar dərəcədə önəmli bir simvol abidənin daxil olmasına cəhd göstərməliyik. Bu da təsadüfi xarakter daşımamalıdır, böyük bir konseptual yanaşmanı özündə əks etdirməlidir”. Вернуться назад |