Главная > Cəmiyyət > Restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA
Restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA9-01-2021, 08:20. Разместил: azadses |
“Bütövlükdə vaksinasiyadan sonra normal və ya əvvəlki həyatın qayıdacağı ilə bağlı proqnozlar var. Bu gün qlobal olaraq gözlənti ondan ibarətdir ki, bu ilin aprel ayından etibarən əvvəlki həyat geri qayıda bilər. Sözsüz ki, bunlar hamısı proqnozlardır”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə vaksinasiyaya fərqli yanaşmalar var: “Təbii ki, Azərbaycanda da vaksinasiyadan sonra pandemiyadan əvvəlki həyatın, xüsusən də iqtisadi sferalarda iş yerlərinin bərpa edilməsi, əsas gözləntilərdən biridir. Ümid edirik ki, vaksinasiya prosesi uğurlu olacaq. Nəticədə sərt karantinlər iqtisadi açılımla əvəz olunacaq. Təklif edirəm ki, vaksinasiyadan sonra epidemioloji vəziyyətə uyğun olaraq iqtisadi açılımın bərpası ilə bağlı qərarlar verilsin. Xüsusən də yenidən iqtisadi fəaliyyət sahələrinin bərpa edilməsi məqsədəuyğun olardı. Nəzərə almaq lazımdır ki, ictimai iaşə xidmət sektoru məşğulluq baxımından çox vacibdir. Daha məqsədəuyğun olardı ki, vaksinasiya başladıqdan sonra epidemioloji vəziyyətə uyğun olaraq yenidən iqtisadi açılım olsun, kafe və restoranların fəaliyyəti bərpa edilsin. Həm xidmət, həm də iaşə turizm sektorunda çoxlu sayda vətəndaşlarımız çalışır”. Deputat həmçinin deyib ki, qonşu ölkələrlə sərhədlərin açılması yalnız Azərbaycanla bağlı deyil, həm də ölkələrdəki vəziyyətdən asılı olacaq: “Məsələn, Gürcüstanda virusa yoluxanların sayı uzun müddət aşağı olsa da, son aylar ölkədə kəskin artımlar oldu. Hazırda Gürcüstanda virusa yoluxanların sayı Azərbaycanla müqayisədə daha çoxdur. Eyni zamanda Rusiya və İranda da virusa yoluxanların sayı kifayət qədər çoxdur. Həmin ölkələrdə də pandemiyanın lokallaşdırılması çox vacibdir. Əgər vaksinasiya qlobal olaraq bizim regionda yoluxma sayının kəskin azalmasına gətirib çıxarsa, həmin halda sərhədlərin yenidən açılmasına baxıla bilər”. Вернуться назад |