Главная > Cəmiyyət > Azərbaycanda paytaxtın Bakıdan Gəncəyə köçürülməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda paytaxtın Bakıdan Gəncəyə köçürülməsi ilə bağlı AÇIQLAMA


6-01-2021, 11:17. Разместил: azadses
Xəbər verdiyimiz kimi, Azərbaycanda 2021-ci il "Nizami Gəncəvi İli" elan edilib. Qeyd edək ki, müxtəlif vaxtlarda paytaxtın Gəncəyə köçürülməsi məsələsi də təklif edilib. Azərbaycanda gələcəkdə paytaxt Bakıdan Gəncəyə köçürülə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, paytaxtın köçürülməsi məsələsi bu gün aktual deyil:

"Bilirsiniz ki, paytaxtın başqa şəhərə köçürülməsi Azərbaycan cəmiyyətində zaman-zaman geniş müzakirə olunub və qaldırılıb. Bir sıra dövlət orqanlarının Gəncəyə köçürülməsi də təklif olunub. Düşünürəm ki, bu məsələyə kompleks şəkildə baxılmalıdır. Çünki dövlət strukturlarının bir çoxu bir-biri ilə əlaqəli şəkildə işləyir. Təbii ki, bu, vətəndaşlarımız üçün də çətin olacaq. Çünki bir vətəndaşın işi varsa, Bakıya gəlir, bütün qurumlarda olan işini həll edir və gedir. Amma nazirliklərin hərəsi bir rayonda yerləşəndə kommunikasiya, tədbirlər və vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi məsələlərində müəyyən problemlər yarana bilər. Ona görə də biz bu məsələni ciddi düşünməliyik. Dünya təcrübəsində paytaxtın köçürülməsi ilə bağlı müxtəlif faktlar olub, məsələn, Türkiyədə paytaxtın Ankaraya, Qazaxıstanda isə Astanaya köçürülməsi kimi.

Gəncə Azərbaycanın böyük tarixi şəhərlərindən biridir. Burada əhali sıxlığı müşahidə olunur. Şəhərdə artıq müəyyən infrastruktur formalaşıb. Adətən bu, dünya təcrübəsində yeni şəhərin formalaşdırılması ilə öz əksini tapır. Bəzən bura məmur şəhəri kimi də adlandırılır. Çünki burada bir çox dövlət orqanları fəaliyyət göstərir. Belə bir model Azərbaycanda nəzərdən keçirilə bilər.

Bakının yaxınlığında və ya bir qədər uzaqda paytaxt şəhərin salınması nəzərdən keçirilə bilər. Bakıdakı sıxlığı nəzərə alaraq, bu cür addım atıla bilər. Getdikcə də əhali sıxlığı artır. Düşünürəm ki, bu məsələyə gələcəkdə baxıla bilər. Təbii ki, buna müəyyən qədər vəsait lazımdır, çünki dövlət strukturlarının həmin şəhərdə yenidən yaradılması böyük maliyyə tələb edir.

Mən hələlik paytaxtın başqa şəhərə köçürlməsi ilə bağlı ciddi zərurət görmürəm. Əlbəttə ki, bu, müəyyən dövlət strukturlarının səlahiyyətində olan məsələdir. Bu gün biz diqqətimizi Dağlıq Qarabağın bərpasına və məskunlaşma işlərinə yönəltməliyik. Bunun üçün də bizə böyük vəsait lazım olacaq. Biz orada təcili surətdə məskunlaşma işlərini aparıb, orada yeni müəssisələr yaratmalı və digər işlərə başlamalıyıq".

Вернуться назад