Главная > Cəmiyyət > Azıx mağarasında tədqiqat işləri bərpa olunacaq - AÇIQLAMA

Azıx mağarasında tədqiqat işləri bərpa olunacaq - AÇIQLAMA


30-12-2020, 08:50. Разместил: azadses
Azıx mağarası Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu mağara Qarabağın səfalı və mənzərəli guşəsi olan Füzuli rayonundan 14 km aralıda, Xocavəndin Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

Orada ilk ekspedisiya 1960-cı ildə Məmmədəli Hüseynovun başçılığı ilə qazıntılara başlamışdı. 1968-ci ildə ərazidə növbəti qazıntılar aparılıb. Qazıntıların nəticəsində azıx adamın alt çənəyə sümüyü tapılıb.
1980-ci illərin sonlarında – 90-cı illərin əvvəllərində torpaqlarımız ermənilər tərəfindən işğal olundu. Nəticədə alimlərimizin Azıxla yanaşı, digər tarixi yaşayış məskənlərimizdə də qazıntılar aparması çətinləşdi.
Artıq torpaqlarımız işğaldan azad olunub və Azıx mağarasında tədqiqatların aparılması üçün də əlverişli imkan yaranıb.
Belədə maraqlıdır, azərbaycanlı arxeoloqlar Azıxa ekspedisiyanı nə zaman təşkil edəcəklər?
Bu barədə Modern.az-a danışan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmlər doktoru, professor Nəcəf Museyibli söyləyib ki, bir qrup arxeoloq artıq Azıx mağarasına gedib:
“Onlar daha sonra hərbçilərimizlə birlikdə geri qayıtdılar. Mağaradan bir sıra tədqiqat nümunələri götürülüb, hazırda bizim arxeoloji fondda saxlanılır. Yaxın günlərdə Azıx mağarasına ekspedisiya planlaşdırılmır. Çünki hələ qış aylarıdır. Ekspedisiyalar əsasən yay aylarında olur. Həm də ki, indiki vəziyyətə görə bu mümkünsüzdür. Həmin ərazilərə daxil olmaq üçün xüsusi icazələr verilməlidir. Bunlar olarsa, şübhəsiz ki, təkcə Azıx yox, bütün azad olunmuş ərazilərimizdə geniş arxeoloji işlərin aparılması nəzərdə tutulur”.
N.Museyibli qeyd edib ki, Azıxdan qazıntılar nəticəsində tapılanların əsasını qədim heyvan sümükləri, digər az bir qismini isə daş alətlər təşkil edir. Professorun fikrincə, ermənilərin və onların dəvəti ilə Avropadan gəlmiş əməkdaşların apardığı işlər qanunsuz idi:
“Arxeoloji qazıntılar nəticəsində tapılan bütün materialları özləri ilə aparıblar. Əslində onların hamısını bizə təhvil verməli idilər. Onların etdikləri bütün bu işlər qanunsuzdur. Düşünürük ki, nə vaxtsa onlar da öz elədikləri hərəkətlərə görə cavab verəcəklər. Ərazilərimiz minalardan təmizləndikdən, təhlükəsizliyimiz tam bərpa edildikdən sonra ekspedisiyaların aparılmasını düşünürük. İlk növbədə həmin ərazilərə daxil olmaq üçün icazələr verilməlidir. Minalardan təmizlənmə tamamilə yekunlaşmalıdır. Bunlar həll olunduqdan sonra Azıxda da digər abidələrdə tədqiqat işləri aparacağıq”.

Вернуться назад