Главная > Cəmiyyət > Sahibkarlara ŞAD XƏBƏR

Sahibkarlara ŞAD XƏBƏR


29-12-2020, 15:41. Разместил: azadses
Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qeyd olunan məsələni şərh edərkən Nazirliyin yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyev qeyd edib ki, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq. 

“Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. 22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 mln. manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur”, - deyə T. Vəliyev qeyd edib. 


Qurumun rəsmisi əlavə edib ki, maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait alan və işçi sayında ciddi azalmalara yol verməyən vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək.

Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər. Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir. Müraciət qaydası ilə qeyd olunan link vasitəsilə tanış olmaq olar.

T. Vəliyevin sözlərinə görə, ikinci istiqamət – pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir. 

“Bu tədbir pandemiyadan zərər çəkmiş sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 90 minə yaxın fərdi sahibkara dövlət tərəfindən 30,5 mln. manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1 000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödəniləcək. Bu istiqamət üzrə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir”, - deyə T. Vəliyev əlavə edib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi bildirib ki, sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət edir.

“İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı artıq Maliyyə Nazirliyinə təqdim edilib. Qısa müddət ərzində maliyyə dəstəyinin sahibkarların bank hesablarına köçürülməsi təmin ediləcək”, - deyə T. Vəliyev qeyd edib.

Вернуться назад