M.Şevçenko rus sülhməramlılarına Qarabağda heç bir ehtiyac olmadığını və onların fəaliyyətinin heç də sülhməramlı olmadığını da vurğulayıb. O deyib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir: “Rusiyada bəziləri sanki orda növbəti bir xəstəlik yaratmaq və sonra onunla alver etmək istəyir”.
“Bu yaxınlarda Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qarabağda hər biri 300 sülhməramlı üçün nəzərdə tutulmuş 32-yə yaxın şəhərcik salacaqlar. Bu isə toplamda 10 min nəfər deməkdir. 10 min nəfərlik sülhməramlı kontingent? Bu rəqəm Qarabağda vuruşan erməni ordusunun az qala yarısı deməkdir. Kimə lazımdır bu qədər sülhməramlı?! Deməli, həmin şəhərciklər “dqr”in yeni “ordusu”nun hazırlanması üçün nəzərdə tutulub və bu ordu sonradan Azərbaycana qarşı vuruşacaq?” - o bildirib.
M.Şevçenko qeyd edib ki, ermənilər buna görə açıq şəkildə 3-cü Qarabağ savaşından danışırlar: “Baxın, erməni politoloq İsgəndəryan mart-aprel aylarında 3-cü Qarabağ savaşının olacağını bildirib. Onlar rus qalxanının arxasında gizlənərək, ordunu modernləşdirərək, yeni qan tökülməsinə hazırlaşırlar? Bu ehtimal istisna deyil. Bəs bu, Rusiyanın nəyinə lazımdır? Bu, bizə, ruslara qətiyyən lazım deyil. Bizə azərbaycanlılarla qarşılıqlı əməkdaşlıq və sülh lazımdır. Orda olan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər başqa ölkəyə”.
Politoloq Rusiyada, o cümlədən Rusiya silahlı qüvvələri daxilində erməni lobbisi və erməni maliyyəsinə bağlı şəxslərin olduğunu qeyd edib, məsələn, Zatulin kimi və bu şəxslərin Putinin iradəsi əleyhinə getdiyinə işarə edib.