Главная > Cəmiyyət > Ermənistan tarixi dilemma qarşısında

Ermənistan tarixi dilemma qarşısında


22-12-2020, 11:33. Разместил: azadses
Ermənistanın 16 müxalif siyasi partiyasının vahid namizədi kimi baş nazir vəzifəsinə irəli sürülən Vazgen Manukyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı aparılan işlərin dayandırılmasını tələb edib. Müxalifətinin vahid namizədi 10 noyabr tarixli üçtərəfli Bəyanatda sərhədlərin delimitasiyası ilə bağlı heç bir tələbin olmadığını əsas gətirərək sərhəd boyu ərazilərdə Azərbaycan torpaqlarından geri çəkilməməyə çağırır. Deməli, son aylarda Qarabağda nəyin baş verdiyini Ermənistan siyasiləri hələ də dərk etmir və ya özlərini bilməməzliyə qoyurlar. Hər iki halda Ermənistan siyasi partiyalarının gündəliyində erməni xalqının mənafeyinin olmadığı görünür.

Əgər doğrudan da, müxalifət partiyaları torpaqların işğalını davam etdirmək niyyətini güdürlərsə, bu cəhd sadə erməniləri yenidən Azərbaycan əsgəri ilə üz-üzə gətirəcək və bundan erməni dövlətinin və xalqının nə isə əldə edəcəyinə inanmaq axmaqlıqdır. Bu erməni xalqını və dövlətini intihara sürükləməkdir. Bunu müxalifət partiyalarının başa düşməməsi mümkün deyil.

İkinci halda, əgər Ermənistan müxalifəti özlərini bilməməzliyə qoyursa və sona qədər müharibə ritorikası əsasında siyasi hakimiyyətə yiyələnmək niyyəti güdürsə, bu da erməni xalqına yaxşı heç nə vəd etmir. Belə çıxır ki, mövcud hökümət əleyhinə keçirilən mitinqlərdə söylənilən pafoslu çıxışlar müharibənin nəticələri ilə bağlı deyil və məhz siyasi hakimiyyətə gəlmək üçün növbəti dəfə ictimai fikri çaşdırmaq cəhdidir.

Belə düşünmək olardı ki, Paşinyanın və onun timsalında Ermənistanın düşdüyü bu günkü ağır vəziyyətdə Ermənistanı və erməniləri sevən bütün siyasi qüvvələr öz aralarındakı mübarizəni kənara qoyub birlikdə Ermənistanı xilas etməyə çalışacaqlar. Amma görünən odur ki, erməni siyasətçiləri öz mahiyyətlərinə uyğun olaraq ən çətin anda bir-birinə qarşı çıxmağa və siyasi hakimiyyətə gəlmək naminə “Paşinyanın satqınlığı” ilə manipulyasiya etməkdən çəkinmirlər. Hakimiyyətə gəldikdən sonra xalqa nə vəd edirlər - bu barədə isə susmağa üstünlük verirlər. Çünki müxalifətin hələlik öz xalqına təklif etdiyi yeganə seçim məhz müharibəni davam etdirməkdən ibarətdir və özündən əvvəlki iqtidarlar kimi bu günkü müxalifətin də hakimiyyətə gələcəyi halda yeni bəlalardan başqa erməni xalqına verəcəyi bir şeyi yoxdur. Buna baxmayaraq Ermənistan müxalifəti 22 dekabradək Paşinyana hakimiyyətdən getmək haqqında ultimatum verib.

Ermənistan iqtidarı müxalifətin seçimini dəstəkləməsə də qətiyyətli şəkildə ona qarşı çıxmağa da qorxur. Eyni zamanda erməni xalqını bu günkü böhrandan necə və hansı yollarla çıxaracağı haqqında anlaşıqlı açıqlama da verə bilmir. Baş nazir Paşinyan hələlik özündə cəsarət toplayaraq “Ermənistanı yenidən quraq” şüarını irəli sürüb. Bu baxımdan 19 dekabrda Paşinyanın xalqa müraciətini onun müxalifətin müharibə çağırışına alternativ proqramı kimi başa düşmək olar. “...Biz dünyaya yeni gözlə baxmalıyıq, biz nə edəcəyimizə yenidən baxmalıyıq və biz öz imkanlarımızı yenidən dəyərləndirməliyik, ....biz yeni cür arzulamalı və öz arzularımızı yenidən qurmalıyıq.“ - Məntiqli yanaşmadır. 44 günlük savaşda keçdikləri tarixi dərsdən sonra ermənilər əsrlər boyu onları alçaldan saxta “ucalıqdan”, onları kiçildən “böyük xalqdan” və “böyük torpaqlardan”, onları daha da cılızlaşdıran “qədimlikdən” danışmağı unutmalı, müasir və sivil düşüncə tərzinə yiyələnməlidirlər.
Hələlik isə erməni xalqı öz mövcudluğunun tarixi dilemması qarşısındadır. Münaqişəni davam etdirərək, nəinki Qarabağı, həm də Ermənistanın bütün gələcəyini itirmək yoxsa keçmişin səhvlərindən nəticə çıxararaq ədalət naminə məğlubiyyəti səmimiyyətlə qəbul etmək?

Cavanşir Feyziyev


Вернуться назад