Главная > Cəmiyyət > Naxçıvanda yeni quş növü aşkarlanıb

Naxçıvanda yeni quş növü aşkarlanıb


18-12-2020, 09:08. Разместил: azadses
AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun kiçik elmi işçi Hüseyn Rəsulzadə Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz SES-ə yaxın ərazidə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növünü – Üçbarmaq qağayını aşkar edib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, yeni aşkarlanan üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin muxtar respublika şəraitində izlənilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, üçbarmaq qağayı cüllütkimilər dəstəsinin qağayılar fəsiləsinə mənsubdur. Ədəbiyyat məlumatlarına əsasən, faunamızın yeni sakininin həyatı açıq su hövzələri ilə bağlıdır və Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur. 2018-ci ildə ilk dəfə Azərbaycanda Beşbarmaq Dövlət Təbiət qoruğunda müşahidə edilib. Ortaboylu quş olub, digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır. Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, ovunu suya baş vuraraq əldə edir.
Qeyd edək ki, H.Rəsulzadə apardığı tədqiqatlar nəticəsində bu ilin fevral ayında daha bir yeni quş növünü – Bozumtul çalağanı aşkar etmişdi.

Вернуться назад