Главная > Cəmiyyət > Ordumuza qarşı çirkin oyun – Ekspert çağırış etdi

Ordumuza qarşı çirkin oyun – Ekspert çağırış etdi


8-12-2020, 10:33. Разместил: azadses
Azərbaycan Ordusunun parlaq qələbəsi bizi və dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən məyus edib. 10 noyabr üçtərəfli Bəyanatının ardınca elan olunan atəşkəsdən bir müddət sonra Azərbaycan əsgərlərinin guya baş kəsməsilə bağlı yayılan çoxsaylı videolar yayılmağa başlayıb. Həmin videolar ki, orada ermənilərin başını kəsənlər kimi əsasən məhz xüsusi təyinatlılarımız əks olunub.
''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bunu politoloq, təhlükəsizlik eksperti Ərəstun Oruclu yazıb.
Ekspert bildirib ki, o, həmin videoların saxta olduğunu, məqsədli hazırlandığını və onları yayanların Azərbaycan Ordusunun vuran əli olan XTQ-yə qarşı “Tərtər işi” tipli təxribata hazırlıq məqsədi güddyünə əmindir:
“Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu bildirirlər. Düşünürəm ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX və Dövlət Mühafizə Xidmətinin bunu araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və həmin qurumlar da bunu edəcəklər. Çünki söhbət təkcə Azərbaycanın və onun Müzəffər Ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir. Söhbət daxili düşmənlərin əlilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir. Söhbət Azərbaycanın qalib Ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq”.
Ekspert, həmçinin bu cür videoların saxta olduğuna dair bir neçə faktı səsləndirib:
“Ümumi qənaətlərdən biri belədir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə onlar mütləq olmalıdır. Gəldiyim digər bir qənaət: məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir. Üçüncü məqam isə videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da ideal seçilib. Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Teleqram kanallardır. Bir neçə eyni tipli videoların eyni kanalların "əlinə düşməsi" təbii ki, suallar doğurmaya bilməz.
Beləliklə, bu gün hamılıqla, var gücümüzlə Ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik. Bunları etməsək, onun (düşmənin) iyrənc əməlləri təkcə davam etməyəcək, həm də Ordumuzu, cəmiyyətimizi tam məhv edəcək”.

Вернуться назад