Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib - FOTO
Aprelin 1-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhid zabitin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Mərasimdə Müdafiə Nazirliyinin bir qrup zabiti, Qubadlı Rayon İcra Hakimiyyətinin və Qubadlı Rayon Mədəniyyət Evinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım tədbirində qəhrəmanın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və igidliyindən danışılıb.
Şükür Həmidovun qəhrəmanlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müxtəlif orden və medallara təltif olunduğu xüsusi vurğulanıb.
Milli Qəhrəmanın atası Nəriman Həmidov çıxış edərək oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Övladının xatirəsinin daim əziz tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.