“Süddə kalsiumun olması özəllik deyil” - AQTA sədrindən sahibkarlara xəbərdarlıq
“Bu il yanvarın 1-dən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Qanun istehlakçılara doğru və düzgün məlumatların verilməsi, onları çaşdıracaq informasiyaların məhsulların üzərində yerləşdirilməməsi üçün yeni etiketlənmə tələbləri müəyyənləşdirib”.
“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda keçirilən konfransda bildirib.
“Elə məhsullar var ki, onların tərkibindəki xüsusiyyətlər məhsulun özəlliyini göstərmir. Məsələn, süd məhsulu haqqında məlumat versək, həmin məhsuldakı kalsium elementi hər hansı bir özəllik ehtiva etmir. Buna baxmayaraq, bir sıra sahibkarlıq strukturları bunu özəl bir göstərici kimi qablaşdırmanın üzərində xüsusi bölmədə önə çəkirlər ki, bu da istehlakçıların aldadılmasına xidmət edir”, - deyə o qeyd edib.
Bundan başqa, Q.Təhməzlinin sözlərinə görə, qanunda bilavasitə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı çoxşaxəli Tədbirlər Planı nəzərdə tutulub:
“Planın müvafiq müddəalarına əsasən, mərhələli şəkildə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı işlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulmuş qida təhlükəsizliyi sisteminin təmin edilməsi bir sıra yenilikləri ehtiva edir, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem təhlükəsizliyi ilə bağlı münasibətləri tənzimləyir”.