Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşüb - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gecə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb.
Budəfəki humanitar yardıma faciədən zərərçəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı sobalar, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.
Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə göndərilən yardım zəlzələ bölgəsinə çatdırılacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə fondun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları həmin yardım çərçivəsində zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar.