Qarabağ xristianları şairə Natəvanın məzarının erməni millətçiləri tərəfindən təhqir edilməsini pisləyirlər
“Qarabağın azad olunan ərazilərinə Azərbaycan və əcnəbi jurnalistlərin, mədəniyyət və incəsənət xadimlərinin çoxsaylı səfərləri bizdə qarışıq sevinc və nostalji hisslər doğurub”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi bəyanatda deyilir.
“Lakin gördüyümüz foto və videokadrlarda Qarabağda memarlıq və tarixi abidələrin pis vəziyyətdə olması bizi heyrətləndirdi. Xüsusilə, tamamilə dağıdılmış Ağdam şəhərində faciə və hörmətsizlik törədilib – erməni işğalı dövründə Qarabağ xanlarının və onların ailə üzvlərinin məzarları olan “İmarət” kompleksi dağıdılaraq təhqir olunub. XVIII əsrə aid bu unikal memarlıq kompleksinin dağıdılması, talanması və donuz damına çevrilməsi azmış kimi, həm də təhqir olunub – şairə Xurşidbanu Natəvanın məzarı açılaraq nəşi oğurlanıb. O, sonuncu Qarabağ xanının qızı, məşhur şairə və messenat olub”, - sənəddə qeyd olunur.
O cümlədən, bəyanatda deyilir: “Bizim əcdadlarımızın, Qarabağ xristianlarının, Qarabağ hökmdarları, müsəlmanlarla bilavasitə və qohumluq əlaqələri var. Biz anlamırıq, ümumiyyətlə bu cür təhqirə necə imkan verilib, bunu törədənlərin damarlarında bir qram qarabağlı qanının axdığına belə şübhə edirik. Ümumiyyətlə, insan olan kəslər bu cür əməllər törətmirlər, axı bu təhqiri törədənlərin bütün nəsli üçün lənət və Tanrı tərəfindən cəzalanma ilə nəticələnə bilər. Axı Natəvan xeyriyyəçiliklə məşğul olub, Şuşaya su çəkdirib, ermənilər də həmin suyu içiblər. Necə belə nankor olmaq olar? Natəvanın xeyriyyəçiliyi və onun yaradıcılıq irsi nəinki müsəlmanlara, həm də ermənilərə fayda gətirir. Axı bu, bizim ümumi Qarabağ tariximizdir və bizim əcdadlarımız Qarabağ xanlarına və onların ailə üzvlərinin irsinə və xatirəsinə bu cür vəhşicəsinə münasibəti bağışlamayacaqlar”.
“Qarabağ xristianları – Ağacanovlar, Yaxşıbəyovlar, Cəlalovlar, Doluxanovlar və s. nəsillər adından, Natəvanın məzarı, “İmarət” kompleksi və bütövlükdə Qarabağın bütün memarlıq abidələrinə qarşı vandallığı və vəhşiliyi qəti şəkildə qınayırıq. Əgər bizi, Qarabağın xristian-türklərini erməni millətçiləri Qarabağdan qovmasaydılar, biz bu cür barbarlıq, hörmətsizlik və rüsvayçılığa imkan verməzdik. Bu cür hörmətsizlik edənlər unutmasınlar ki, bu, onların nəsli, ailə üzvləri üçün rüsvayçılıq damğası olan çox ağır günahdır. Şübhə etmirik ki, bu hörmətsizliyi edənlər cəzalandırlacaqlar”, - bəyanatda vurğulanır.